Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşası yeni qaydada tənzimlənəcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Torpaq Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar.
Layihəyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəlləyə təklif edilən yeni - 13-1-ci maddəyə uyğun olaraq həyata keçiriləcək.
Beləliklə, 13-1-ci maddəyə (Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər) əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Həmin tikililərin inşa edilməsinə və quraşdırılmasına torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
İstixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı nəzərdə tutulan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilməyəcək. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, tikintisinə icazə tələb olunan suvarma infrastrukturu və istixanalar üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunla ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınacaq. Tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilməyəcək. Bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil ediləcək.
Tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq hesablanacaq.
Hesablanan tikintinin yol verilən hədləri və nəzərdə tutulmuş məhdudiyyət (tikinti əmsalından tam istifadə edildikdə torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikinti əmsalına cəlb edilməsinə yol verilməyəcək, bu qadağa həmin hissənin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil ediləcək) yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə tətbiq olunacaq.
Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstəriləcək. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikinti əmsalına cəlb edilməsi və tikinti əmsalı tətbiq edilən torpaq sahəsi barədə məlumatlar daşınmaz əmlakın dövlət reyestrində və dövlət torpaq kadastrında saxlanılan məlumatlara əlavə edilməsi üçün tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə ötürüləcək.
İnşasına yol verilən tikinti obyektlərinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisna olmaqla, torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadəsinə və istismar təyinatının dəyişdirilməsinə yol verilməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
59 d. əvvəl
“Qlobal Pul Həftəsi”ndə Bank of Baku-dan yaradıcı müsabiqə - ÖZ PULUNU YARAT!
-
1 saat əvvəl
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
-
-
1 saat əvvəl
Qlobal enerji bazarları İranın qaz sahəsinə və neft obyektlərinə edilən hücum xəbəri ilə sarsıldı
-
1 saat əvvəl
Tramp bir daha müttəfiqləri Hörmüz boğazının açılmasına kömək etməyə çağırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
İllik 18% gəlirlilyi olan istiqrazlar 50 investor tərəfindən əldə edilib
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
-
2 saat əvvəl
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan İdman Rəqsləri Federasiyasına yeni prezident seçildi
"Mayak Residence"dən xüsusi reklam çarxı - VİDEO
"CHELEBI" mağazasını idarə edən şirkətin kapitalı azaldılıb
"Kür" markalı kompüterləri yığan şirkətin fəaliyyətinə xitam verilib
Ən çox oxunanlar
NEQSOL Holding və Təhsilin İnkişafı Fondu PARLA Tələbə Qızlar üçün Təqaüd Proqramını davam etdirir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Nazir Çin şirkətinin vitse-prezidenti ilə görüşüb, Hacıqabulda həyata keçirilən layihə müzakirə olunub
AFB Bank-dan yeni “Mono Əməkhaqqı Kartı” – şirkətlər üçün daha sərfəli maaş layihəsi
Qızıl ucuzlaşır - Qiyməti 5000 dollardan aşağı düşdü
262 manata məhsulu sığortaladı – 8801 manat sığorta ödənişi aldı!



















