Azərbaycan hökuməti yeni müqavilə imzaladı
Ərəb şirkətləri Azərbaycanda külək və günəş elektrik stansiyaları tikəcək
Yanvarın 9-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb.
İmzalanma mərasimində çıxış edən Baş Nazir Əli Əsədov bildirib ki, bununla bərabər bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı, qeyri–neft sektorunun yüksəlişi bizi yeni çağırışlarla üzləşdirir və yeni yanaşmalar tələb edir.
“Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, burada xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək”, - deyə Baş Nazir Əli Əsədov qeyd edib.
Baş Nazir Energetika Nazirliyini, “ACWA Power” və “Masdar” şirkətlərini müqavilələrin imzalanması münasibətilə təbrik edib və uğurlar arzulayıb.
Energetika naziri Pərviz Şahbazov bildirib ki, elektrik enerjisi istehsalının bərpaolunan enerji mənbələri hesabına şaxələndirilməsi Azərbaycan Respublikası Prezidentinin diqqət yetirdiyi prioritetlərdən biridir. Bu müqavilələri imzalamaqla ölkəmizdə bərpaolunan enerji sahəsində yeni inkişaf mərhələsinə başlayırıq. Azərbaycanda bərpaolunan enerji sahəsində ilk xarici tərəfdaşlarımız kimi “ACWA Power” və “Masdar” şirkətləri ilə əməkdaşlığımız dayanıqlı, təmiz enerji ilə bağlı hədəflərimizə çatmaqda, qarşılıqlı maraqlarımıza töhfə verəcək.
“ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan deyib: “Azərbaycan hökuməti ilə bu müqaviləni imzalamaqdan qürur duyuruq. Bu layihə ölkədə enerji mənbələrini şaxələndirmək məqsədilə bərpaolunan enerjinin payının artırılmasına töhvə verərək Azərbaycan hökumətinin yeni xidmət sahələri, sənaye sektorları və yeni iş yerlərinin yaradılması ilə bağlı təşəbbüslərini dəstəkləyəcək”.
“Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi isə qeyd edib ki, 30-dan çox ölkədə bərpaolunan enerji layihələrinin reallaşmasında aparıcı rol oynayan şirkətimiz 200 meqavatlıq günəş enerjisi layihəsini həyata keçirmək üçün Azərbaycanla tərəfdaş olmaqdan məmnundur. On ildən çox təcrübəmizlə biz Azərbaycan hökumətinə və onun təmiz enerjiyə keçidinə dəstək verməkdən qürur duyuruq.
Daha sonra sənədlər imzalanıb. Müqavilələri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, “ACWA Power” şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyan və “Masdar” şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahi imzalayıblar.
Müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə, təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.
Xatırladaq ki, “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu ildə imzaladığı Sərəncama uyğun olaraq, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq intensiv müzakirələr aparılıb. “ACWA Power” və “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər, layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi şəbəkəsində aparılacaq gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə isə şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, ötən il oktyabrın 31-də şirkətlərin təklifləri olan zərflər açılıb. “ACWA Power” və “Masdar” şirkətləri ilə pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.
Layihələrin icrasına hazırlıq məqsədilə “Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cı il 5 dekabr tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qrupları tərəfindən tədbirlər həyata keçirilir.
Qeyd edək ki, “ACWA Power” şirkəti hazırda qlobal miqyasda bərpaolunan enerji sahəsində 8000 meqavat olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 30 min 200 meqavat qoyuluş gücünə bərabər istehsal və 45 milyard ABŞ dolları məbləğində investisiya portfelinə malikdir. “Masdar” şirkəti isə bərpaolunan enerji sahəsi üzrə hazırda ümumi qoyuluş gücü 4000 meqavat həcmində istehsal portfelinə sahib olmaqla bu sahəyə indiyədək 8,5 milyard dollar investisiya yatırıb.
XXX
Azərbaycanda olan bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin icrası ilə əlaqədar Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanın şirkəti arasında icra müqavilələri imzalanacaq.
Məsələ ilə bağlı Energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib ki, adıçəkilən müqavilələr BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanın isə “Acwa Power” şirkətləri ilə imzalanacaq:
“Ümumilikdə 7 şirkətin qatıldığı seçim prosesi 3 mərhələdən ibarət olub. Ən əlverişli şərtləri təklif etdiklərinə görə, adıçəkilən şirkətlər seçilib. Bu müqavilələrdə bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələr - 440 MVt-lıq layihələrin icrası nəzərdə tutulub. Belə ki, “Masdar” şirkəti 200 MVt-lıq günəş, “Acwa Power” isə 240 MVt-lıq külək elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı layihənin icrasını həyata keçirəcək”, - deyə Z. Əliyeva əlavə edib.
© “Report”, Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
18 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
-
19 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
-
2 saat əvvəl
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Ən çox oxunanlar
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
Sıfır xərclə ticarət mümkündür?


















